Neçə yaşından uşaqlar hərfləri öyrənməli və oxumağa başlamalıdırlar

04 İyun 2025

Neçə yaşından uşaqlar hərfləri öyrənməli və oxumağa başlamalıdırlar

Bəzi valideynlər  3 – 4 yaşından artıq, uşaqlara yazıb – oxumağı öyrətməyə başlayırlar.

Bəs bu düzgün yanaşmadırmı? Əslində necə olmalıdır?

Nevroloq və fizioloqar belə hesab edirlər ki, 3 – 4 yaşlı uşaqlar hərfləri yadda saxlamamalıdırlar, çünki hərfləri fərqləndirmək üçün, onların beyinlərinin strukturu tam formalaşmayıb. Oxu vərdişlərinin inkişafı və hərfləri yadda saxlamaq üçün, əksər uşaqlarda beyin 5 – 6 yaşında,  yalnız 20% uşaqlarda isə 4- 5 yaşında formalaşa bilər.  Nevroloqlar belə hesab edirlər ki, əgər 4 yaşında uşaq “oxumağa” məcbur edilərsə, adekvat olmayan oxu mexanizmi formalaşar. Bu yaşda uşaqlar ilk 2-3 hərfi tanıyır və sözü tapır. Sözü düzgün səsləndirməsə, yenidən əvvələ qayıdır. Sözü səhv oxuduqda davamlı düzgün oxumağa səy göstərir, bu da uşağı yorur. Nəticədə uşağın oxumağa və kitablara olan marağı itir. Qeyd etmək lazımdır ki, valideynlərin bu səyi, beynin “dəqiq elmlərə” cavabdeh olan hissəsini inkişaf etdirir ki, bu da uşaqların yaradıcılıq inkişafına və oyun fəaliyyətinə  mane olur.

3-4 yaş dövründə valideynlər daha çox uşaqların dünya görüşünə, nitqinin inkişafına, düzgün tələffüzünə fikir verməlidirlər. Onlara, sualları cavablandırmağı və sərbəst şəkildə sual vermə bacarıqlarını aşılamaq lazımdır. Uşaqların  həm kiçik, həm də böyük motor bacarıqlarının  inkişaf etməsini təmin etmək də çox vacib amillərdəndir. Məsələn: gəzmək, dayanmaq, durmaq, rəqs etmək, ritmi duymaq, pilləkənlə qalxmaq – enmək və s. Bütün bunlar beyin strukturlarını inkişaf etdirir və biliklərin mənimsənilməsinə zəmin yaradır; nitqi inkişaf etdirir, hərflərin tanımaq və  oxumaq bacarıqlarını  formalaşdırır. Övladının hansı yaşdan və necə oxumağa başlamasına hər valideyin özü  sərbəst qərar verir. Lakin unutmayaq ki, verdiyimiz qərarlarlar uşaqların inkişafına  mane olmasın.

Son paylaşılanlar